“Qəbələ” UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Kiprin “Omoniya” komandasını qəbul edəcək. “Qəbələ şəhər stadionu”nda keçiriləcək matçdan əvvəl baş məşqçi Elmar Baxşıyev görüşlə bağlı fikirlərini bölüşüb. O, heyətdə baş verən dəyişikliklərin komandaya təsirindən söz açıb: Ölkə kubokuna yiyələnənəndən sonra bir çox futbolçu komandadan getdi. Buna baxmayaraq fasilə zamanı yaxşı hazırlıq keçdiyimizi düşünürəm. Oyundan-oyuna inkişaf etdiyimiz hiss olunur. “Omoniya”yla ilk oyunda uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Doğma meydanda azarkeşlərimizi sevindirmək niyyətindəyik”

“Omoniya”ya rəhbərlik edən Sofronis Avqusti də “Qəbələ”də baş verən heyət dəyişikliyinə münasibət bildirib: “Qəbələ”də yeni heyətin formalaşdığından xəbərdaram. Hesab edirəm ki, bu, komandanın ümumi oyun fəlsəfəsinə təsir göstərməyib. “Qəbələ” həm müdafiə, həm də hücumda effektli oyun nümayiş etdirə bilən komandadır. Ona görə də hər cür vəziyyətə hazır olmalıyıq. Yaxşı oynayaraq cavab görüşü üçün sərfəli nəticə əldə etmək arzusundayıq”

Saat 20:00-də başlanan “Qəbələ” – “Omoniya” oyununu Andrey Kivuletanın rəhbərliyi altında rumıniyalı hakimlər briqadası idarə edəcək. Cavab qarşılaşması Avqustun 3-ü Kiprdə keçiriləcək.